MUMLANIN NAĞILI

Başqalarının həyatını aydınlatan kəs, özü işıqsız qalmaz.

James Matthew Barrie 

Balaca mumlanın nağılı

(Kiçik bir mumun hekayəsi)

 

     Soyuq qış gecələrin birində balaca mumla adlı kiçik bir şam pəncərə önündə, yarıqaranlıq otaqda, hər zamankı kimi sahibinin evə gəlməsini gözləyirdi. Bu kiçik soyuq ev ancaq o içəri girəndən sonra canlanırdı. Sahib hər gün evə gələndə ilk öncə balaca mumlaya yaxınlaşar və onu alışdırarıb gülümsəyərək : –  “ hə balaca, necəsən? Sənin zamanın gədi. İşıqlan görək!“ – deyə nəvazişlə səslənərdi. Sonra isə adəti üzrə sıra ilə digər işləri görməyə başlayardı. İşini bitirdikdən sonra da, balaca mumlanın qoyulduğu pəncərə önündəki masada əyləşib kitab oxumağa başlayardı.  Kiçik mumla sahibini çox sevirdi. Çünki O, həmişə gülərüz və hamıya, hətta bütün cansız ev əşyalarına qarşı mehriban idi. Sahib bəzən kitablarla danışır, bəzən də yorulub kiçik güllü çaydana su qoyarkən, pəncərə məhəccərindəki çiçəkləri salamlayardı.

     Balaca mumla bütün gün pəncərə önündə həyəcan və həvəslə axşamın  düşməyini və sahibinin evə qayıtmağını gözləyirdi. O, yenə evə gələcək , masaya oturub balaca mumlanı alışdıracaq  və beləliklə balaca şamcığaz onun həyatına işıq gətirəcək.

Balaca mumla sahibinin həyatında önəmli rol oynadığını düşünürdü. Axı ayın da gizləndiyi qaranlıq gecələrdə sahibi məhs onun sayəsində çox sevdiyi kitabları oxuya bilirdi. Axı balaca mumla ona bu kiçik evi aydınlatmağa və evə nəfəs verməyə kömək olurdu. Balaca mumla sahibini sevirdi və çalışırdı ki, sahibinə yararlı olsun.  Buna inandığına görə də bu sevgidən alışaraq daha çox parlayırdı. Elə parlayırdı ki, işığına bütün otaq aydınlanırdı. Elə parlayırdı ki, ətrafda olan pərvanələr onun parlaqlığına həsəd aparıb, ona sitayiş edərcəsinə fırlanırdı dövrəsində.

    Beləcə soyuq qış günləri bir-birinin ardınca ötüb keçirdi. Hər şey adəti üzrə davam edirdi. Ta ki, qarlı günlərin birində sahib evə soyuqdan qorunmaq üçün bir pişik gətirənə qədər. O gün səhərdən bəri güclü qar yağırdı. Sahibin isə soyuqdan qapının küncünə sıxılıb oturan bu pişiyə yazığı gəlmişdi. Ona görə onun evdə qalmasına icazə vermişdi. Sahib bu pişiyi təmizləyib sonra da qarnını doydurmuşdu. Pişik də artıq bir neçə gün idi ki, onun yatağının bir küncündə yatıb-dincəlirdi. O arabir oyanıb ətrafa göz gəzdirir sonra yenidən öz rahat və isti yerinə qayıdırdı. Bir gün o balaca mumlanın yenə də pəncərə qarşısında səbirsizliklə gözlədiyini görüb dilə gəldi:  “ Sən onu niyə bu qədər gözləyirsən?” – deyə laqeydcəsinə dilləndi. Balaca mumla isə baxışlarını pəncərədən ayırmadan və ona verilən bu sualı heç götür-qoy etmədən – “ çünki mən onu sevirəm” – dedi. Pişik heç yerindən tərpənmir və çox soyuqqanlılıqla danışırdı.

  • Axı o sənə nə edib ki onu bu qədər sevirsən?
  • Bilmirəm. O sadəcə mənim sahibimdir. Və mən onu buna görə sevirəm.
  • Səbəbsiz sevgi olar məgər? Məni yanlış anlama amma sən cansız bir şamsan. Sevgi nədir hardan bilirsən? Məsələn insanlar biz pişiklərin qayğısına qalır. Yedizdirir, təmizləyir və rahatlıqla təmin edirlər. Bizdən isə heç nə tələb olunmur. Bəs sahibin sənin üçün nə edir?
  • O mənim işığımdan yararlanır. Mən onun üçün vacibəm. Mən onun gecələrini aydınladıram. Ona kömək oluram.
  • Demək o səndən istifadə edir.
  • İstifadə? – deyə balaca mumla təəccüb etdi. Yox, mən onu seviəm və o da məni sevir.

Pişik ağır-ağır yerindən durub pəncərə önünə gələrək;

  • Mən uzun illərdir ki bu həyatda yaşayıram – deyə sözə başladı. – “Sənə məsləhətim insanlara bu qədər bağlanma. Çox da uzun olmayan həyatını səndən sadəcə istifadə edən birisi üçün yandırıb, xərcləmə. Həyatının yarıdan çoxu gedib. Yanaraq əriyib bitirsən. Hər ötən gün sona yaxınlaşırsan. Və sən onun üçün sadəcə şam parçasısan. Sabah sən yox olduqdan sonra səni başqa bir mum əvəz edəcək. Və beləcə hər şey bu minvalla davam edəcək. Yenə də özün bilərsən. Yaşanan həyat sənindi. Sənə sadəcə acıdığım üçün bunları deyirəm.”

Pişik sözünü bitirdi və yenə əvvəlki kimi yerinə keçib, quyruğunu ətrafına dolayaraq yatmağa davam etdi.

Balaca mumlanın gözləri yenə də pəncərədə idi. Amma artıq üzündə həyəcan yox, hüzün vardı. Pişiyin dediklərini anlamağa çalışırdı. Pəncərənin əksində özünə baxdı. O həqiqətən əriyib yarı olmuşdu. Doğurdanmı tezliklə bitib tükənəcəkdi? Amma o yox olmaqdan qorxmurdu. Sadəcə sahibini daha görəməyəcəyi üçün üzülürdü.  Amma bir yandan da içindəki sevgi hissi hər bir fikri ağlından qovub atırdı. O sahibini elə bir sevgi ilə sevirdi ki, onun uğrunda alışıb kül olmağa belə razı idi. “Dünyada heç nə sahibimdən dəyərli deyil mənə. Onun sevgisi ilə tükənib bitmək də mənə xoşdur” – deyə düşündü içində. Amma balaca mumla bircə şeyi anlamırdı. Necə olur ki,  pişik ona bu qədər yaxşılıq edən insana belə laqeyd ola bilir. “Sahib məni yanında saxlayıb sığal çəkmiş olsa, mən yəqin sevincimdən qanad açıb uçaram”- deyə düşünürdü balaca mumla.

             Günlər ötür, zaman keçirdi. Mumla yavaş-yavaş əriyib kiçilirdi. Amma onun işığı hələ də bütün evi aydınlatmağa bəs edirdi. O, bu kiçik evin günəşi idi. Və var gücü ilə parlayırdı. Hətta sahibi də buna təəccüb edib – “Belə kiçik şam necə bu qədər gücə sahib ola bilər” – deyə gülümsəyərək ona tamaşa edirdi. Mumla isə sahibinin sevgisindən, diqqətindən biraz da çox işıq saçırdı. Çünki sevgi şəfa tapmaq deməkdir. Çünki sevgi güc almaq deməkdir. Çünki sevgi yanmaq deməkdir. Balaca mumla tükənib sahibini görməyəcək deyə hefslənmirdi daha. Çünki sevən biri özünü bədbəxt adlandıra bilməz. Hətta cavabı olmasa da verilən sevgi özündə dünyanın bütün rənglərini birləşdirir.

            Balaca mumla son nəfəsinə qədər sahibinə sadiq qaldı. O var gücü ilə sahibinin həyatına işıq salmaq üçün dayandı. Axı o sahibini sevirdi. Səbəbsiz sevirdi. Və bu sevgi onu yaşadırdı. O, öz sahibini bir saniyə də olsun tərəddüd etmədən özünü onun uğrunda yandırıb fəda edəcək qədər çox sevirdi. Çünki o sahibinin həyatına işıq gətirirdi. Başqalarının həyatına işıq gətirən kəs isə özü heç vaxt kölgədə qalmaz.

             Balaca mumlanın getmək vaxtı gələndə, o sahibi üçün son dəfə əvvəlki tək parlaqlığı ilə parladı. Sonra da söndü alovu. Həmin an sahib balaca mumlaya son dəfə baxıb az qala pıçıltı ilə– “Sevgi güman etdiyin qədər deyil, yandığın qədərdir” – dedi. Sonra gülümsəyərək balaca mumladan geri qalan kiçik mum parçasını alıb kitablarının arasında saxladı.

ardı var…

Nigar Mahmud